Qış “Liderlik Məktəbi” başladı

14.02.2012  |   Baxış sayı: 153

Loqo (4)

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırdığı ənənəvi Qış "Liderlik Məktəbi" layihəsi başlayır. Artıq məktəbin iştirakçıları, layihənin rellaşdırıldığı məkana Xızıdakı "Cənnət bağı" istirahət kompleksinə yola düşmüşlər.

Qeyd edək ki, ölkədəki kəskin hava şəraiti ilə əlaqədar layihənin keçirilmə müddətində bir gün dəyişiklik olmuş, layihənin vaxtı 14-19 fevral 2012-ci il tarixlərinə dəyişdirilmişdir.

Qış "Liderlik Məktəbi"ndə 4 komandaya bölünmüş ("Eurovision 2012", "Baku 2020", "FIFA U-17" və "Gəncə 2015") 100 nəfər iştirakçıya növbəti 5 gün əzrində layihələrin yazılması və idarə olunması, vaxtın idarə olunması, liderlik və təşkilatı quruculuq və komanda işinin təşkili mövzularında peşəkarlar tərəfindən təlim kursları keçiləcək. Layihə çərçivəsində iştirakçılar gün ərzində öyrəndiklərini əyani fəaliyyət şəklində təqdim edəcəklər. Eyni zamanda gənclərin sürətli qərarvermə, analizetmə, araşdırma və başqa şəxsi xüsusiyyətlərinin inkişafı üçün simulyasiya oyunları keçiriləcək. Müxətlif idman yarışmalarında iştirak edəcək komandalar öz adlarının mövzularına uyğun genişmiqyaslı təqdimatlar keçirəcək, flaşmob göstərəcəklər.

Qış "Liderlik Məktəbi" ərzində bir gün-16 fevral tarixində "Eurovision" günü keçiriləcək ki, həmin gün gənclər bir neçə səfirliklərin rəsmiləri ilə görüşəcəklər.

Görüşdə ölkəmizin yarışmada iştirak tarixi haqda gənclərə məlumat veriləcək, bu ilin mayında yarışmaya ev sahibliyi edəcək Azərbaycanın hazırlıq prosesi nümayiş etdiriləcək. Məlumat üçün bildiririk ki, ATGTİ "Eurovision 2012"nin təşkilinə könüllülər verəcək təşkilatlardan biridir.

Qeyd edək ki, bu il "Liderlik Məktəbi"nin ilk dəfə rəsmi şüarı seçilmişdir. Layihənin şüarı "facebook" sosial şəbəkəsində yaradılmış Qış "Liderlik Məktəbi"nin xüsusi qrupunda gənclərin səsvermsi nəticəsində müəyyənləşdirilmişdir. Xızı Qış "Liderlik Məktəbi"nin şüarı "ATGTİ – liderliyə aparan yol" oldu.

Paylashmaq