Gəncə Debat Mərkəzinin Açılış Mərasimi keçirildi

30.01.2012  |   Baxış sayı: 140

debat28 yanvar 2012-ci il tarixində Gəncə şəhərində, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin və "Smart SN" təşkilatının uğurlu əməkdaşlığı nəticəsində Gəncə Debat Mərkəzinin açılış mərasimi keçirildi. Tədbirdə, Gəncə İcra Hakimiyyətinin Humanitar və İctimai Şöbəsinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, Gələcəyə Körpü, "Gənc Liderlər" İctimai Birliyinin nümayəndələri və Gəncə şəhərinin 7 ali təhsil müəsisəsinin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədrləri iştirak etdi. Tədbirdə rəsmilərin çıxışları dinlənildi və bir sıra müzakirələr aparıldı.

Gəncə Debat Mərkəzinin rəhbəri Nigar Ələskərova çıxışında Gəncə şəhərində Debat Proqramının yüksək səviyyədə inkişaf edəcəyinə inandığını bildirdi:

"Əsas məqsədimiz ondan ibarətdir ki, biz Gəncədə, o cümlədən, qərb bölgəsində potensiallı, savadlı gənclərin çoxluğunu nəzərə alaraq çalışdıq ki, bu proqram Gəncədə də daha çox inkişaf etsin. Biz indiyə qədər II və III Açıq Şəhər Debat Forumu və 2011-ci ilin payızında Qərb Regional Debat Forumu keçirmişik. Biz bundan sonra da bu forumların sayını artırmaq istəyirik. Düşünürəm ki, uğurlu alınacaq, Gəncədə bu proqram yüksək səviyyədə inkişaf edəcək və biz bunun üçün əlimizdən gələni etməyə hazırıq".

Çıxışlar dinlənildikdən sonra, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin "Gənclər arasında Sağlam Ailə dəyərlərinin təbliği" strategiyası çərçivəsində həyata keçirdiyi fəaliyyəti əks etdirən video-çarx təqdim olundu (http://goo.gl/R5lK1) və iştirakçılar tərəfindən yüksək qiymətləndirildi.

Qeyd edək ki, Gəncə Debat Mərkəzi Gəncə şəhəri və ətraf regionlarda gənclərin debat, natiqlik, idarəetmə, sahibkarlıq, karyera, liderlik və digər mövzularında təlimlərin və müxtəlif layihələrin keçirilməsi ilə onların marifləndirilməsinə, həmçinin təşəbbüslərinin dəstəklənməsinə imkan yaradacaq.

 

Paylashmaq